2016-cı ilin ilk rübündə pul kütləsinin həcminin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə məcburi ehtiyat normalarından da istifadə olunub.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-mart ayları üzrə “Pul siyasəti” icmalında məlumat verilib.
Dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bank İdarə Heyətinin 3 mart 2016-cı il tarixli qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0,5%-dən 1%-ə yüksəldilib, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0,5%-dən 0%-ə endirilib. Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılıb.
Banklar cari ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar.
Hesabat dövründə bankların Mərkəzi Bankda müxbir hesablarının qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlərin həcmini əhəmiyyətli dərəcədə üstələyib.
Pul siyasəti rejimində baş vermiş dəyişikliklərlə əlaqədar olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi prosesi də davam etdiriləcək