Dekabrın 1-də Bakı Biznes Mərkəzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-i tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, ixrac zamanı yaranan məsələlərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə təşkil edilən “Açıq qapı” günləri çərçivəsində seminar keçirilib. Tədbirdə 50-dən çox sahibkarlıq subyektinin nümayəndəsi iştirak edib.
Seminarda ixracın stimullaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin və regional bölmələrin inzibati binalarında təşkil olunan “Açiq qapı” günləri barədə sahibkarlara ətraflı məlumat verilib.
Tədbir çərçivəsində “Mənşə ekspertizaların aparılması qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi” və “Laboratoriya xidmətləri” mövzularında keçirilmiş təqdimatlarda sahibkarlar malın ixrac proseduru və gömrük güzəştləri barədə məlumatlandırılıb. Bildirilib ki, mənşə sənədinin verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən elektron müraciət forması daha da təkmilləşdirilib, tələb olunan sənədlərin sayı hüquqi şəxslər üçün 9-dan 6-ya, fiziki şəxslər üçün isə 5-dən 4-ə endirilib.
Seminarda “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının iş prinsipi, akkreditasiya sahələri, burada aparılan laborator müayinələr barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb. Belə seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.