Mərkəzi Bankda Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyətilə görüş keçirilib

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) regional meneceri Damien Şilsin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirib.

Görüş zamanı BMK-nın Azərbaycandakı hazırki və gələcək fəaliyyət proqramı, o cümlədən maliyyə infrastrukturu, elektron və rəqəmsal maliyyə xidmətləri ilə bağlı məsələlər müzakirə olunub.

A.Quliyev nümayəndə heyətini salamlayaraq ölkədəki keçirilən iqtisadi islahatlar, islahatlar gündəliyinə uyğun olaraq Mərkəzi Bankın keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edib ki, cənab Prezidentin bəyan etdiyi inkişaf strategiyası əsasında ölkədə sürətli sosial-iqtisadi inkişafa nail olunub, makroqitisadi və maliyyə sabitliyinin dayanıqlığı təmin olunub. O, beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən BMK ilə əlaqələrin önəmini diqqətə çatdırıb. Mərkəzi Bank və BMK arasında əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri Damien Şils təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu bildirdi və BMK tərəfindən proqramların həyata keçirilməsində göstərdiyi dəstəyə görə Mərkəzi Banka öz təşəkkürünü bildirib. Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizdə özəl sektorun dəstəklənməsinə hazır olduğunu qeyd edib.

Görüşdə həmçinin Mərkəzi Bank ilə BMK arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır