Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 2019-cu ilin mart ayında 12 aylıq inflyasiya 2.5% təşkil etmişdir və bu, hədəf çərçivəsinin aşağı həddinə yaxındır.
İllik inflyasiya başlıca olaraq pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənir (3.7%), uyğun olaraq illik inflyasiyanın artımının təxminən yarısı bu amilin payına düşür. Ərzaq (2.3%) və qeyri-ərzaq qiymətlərinin (1.3%) dinamikası ümumi inflyasiya dinamikasından aşağıdır.
Məcmu tələbin genişlənməsi və bir sıra qeyri-monetar amillərin qiymətlərə artırıcı təsirinə baxmayaraq ikitərəfli və nominal effektiv məzənnənin dinamikası, həmçinin monetar şərait inflyasiyanın hədəf çərçivəsində qalmasını şərtləndirmişdir.
İnflyasiya gözləntiləri. Aşağı faktiki inflyasiya fonunda inflyasiya gözləntiləri stabil olaraq qalır. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən son ayda qiymət gözləntiləri qeyri-neft emal sənayesində və tikintidə azalmışdır. Ev təsərrüfatları arasında mart ayında aparılan sorğunun nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payı cəmi 3.2%-dir.
Son proqnozlar 2019-cu ilin qalan dövründə də inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir. Beynəlxalq maliyyə-kredit təşkilatları da özlərinin son hesabtlarında 2019-cu ildə Azərbaycanda inflyasiyanın aşağı birrəqəmli səviyyədə qalacağını proqnozlaşdırırlar.
İnflyasiya riskləri.İdarə Heyətinin monetar siyasətə həsr olunmuş son iclasından bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Sabitləşdirici amillərə antiinflyasion monetar şərait, profisitli tədiyə balansı şəraitində məzənnənin dayanıqlığı və faktiki inflyasiya səviyyəsində möhkəmlənən inflyasiya gözləntiləri aiddir.
Bununla belə xarici və daxili risk amilləri də qalır. Xarici amillərə qlobal iqtisadi artımın səngiməsinin enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri, dünya ərzaq bazarlarında bahalaşma meylinin davam etməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya və məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər aiddir. Beynəlxalq Valyuta Fondu cari ilin aprelində 2019-cu ilə qlobal iqtisadi artım proqnozunu yanvar hesabatı ilə müqayisədə azalma istiqamətində təshih etmişdir.
Daxili amillərə isə başlıca olaraq fiskal stimulların istehlak bazarına və monetar sektora təsirləri, ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə təklif şokları və kredit aktivliyinin bərpasının kredit ekspansiyasına keçməsi aiddir. Cari ildə və orta müddətli dövrdə fiskal siyasətin sabitliyi davamlı qiymət sabitliyinin və məzənnənin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalır.