Məlumat Hesablama Mərkəzi Cənubi Koreyanın nəhəng İKT şirkəti ilə memorandum imzalayıb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Samsung Electronics” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu dünyanın texnologiya nəhəngi Cənubi Koreyanın “Samsung Electronics” şirkəti tərəfindən Azərbaycan nümayəndəliyinin rəhbəri Jae Hun Lee və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov imzalayıb.

Sazişin əsas məqsədi tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsidir. Cari ilin sentyabrında tərəflər arasında baş tutmuş görüşün və aparılmış danışıqların nəticəsində imzalanmış bu memoranduma görə, hər iki təşkilat innovativ həllərin və proqram təminatlarının hazırlanması sahəsində birgə çalışacaq.

Memorandum aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur:

“Samsung” mobil qurğuları üçün proqram məhsullarının hazırlanması və tətbiqi;

“Samsung” mobil qurğuları əsasında elektron sənəd dövriyyəsi sisteminin hazırlanması və tətbiqi;

“Samsung” şirkətinin KNOX mobil təhlükəsizlik platforması üzərində müştərək həllərin hazırlanması və tətbiqi;

“Elektron imza” mobil həllərinin “Samsung” mobil qurğuları üçün hazırlanması və tətbiqi;

“Samsung” mobil qurğularının ayarları və mobil tətbiqlərinin məsafədən idarə olunmasının təmin edilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır