Mərkəzi Bank bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib

Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar 2018/2019-cu tədris ilinin birinci yarımilliyində Bakı şəhərində yerləşən bir sıra dövlət və özəl məktəbəqədər təhsil müəssisələrində uşaqların və müəllim heyətinin maliyyə savadlılığının artırılması üçün məşğələlər keçirib.

BBN.az xəbər verir ki, 270 nəfəri əhatə edən məşğələlər zamanı uşaqlara maliyyə savadlılığının ümumi anlayışları – yığım, qənaət və pul haqqında ilkin fikirlər aşılanıb, milli pul nişanlarımız haqqında məlumatlanma təmin olunub. Müəllim heyətinə bu mövzuların gələcəkdə tədrisi ilə bağlı məsləhətlər verilib, müəllim və uşaqların istifadəsi üçün öyrədici materiallar paylanılıb.

Ümumilikdə, eyni dövrdə ümumtəhsil müəssisələrinin 300 şagirdi üçün də maarifləndirici dərslər təşkil edilib  və bu dərslər zamanı məktəblilərə pul və pul münasibətləri, qənaət və israf, yığım, şəxsi büdcə haqqında təqdimatlar keçirilib və Maliyyə savadlılığı portalından (bizimpullar.az) müxtəlif videoçarxlar nümayiş etdirilib. Müəllimlərə portaldan tədris prosesində effektiv istifadə ilə bağlı tövsiyələr verilib və şagirdlərin biliklərinin möhkəmləndirilməsi məqsədilə öyrədici materiallar paylanılıb.

Qeyd edək ki, məktəbəqədər və ümumtəhsil müəssisələrinin şagird və müəllim heyəti iqtisadi maarifləndirmə tədbirlərində əsas hədəf qruplarından biridir və onlara istiqamətlənmiş tədbirlər gələcəkdə də təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır