Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

1 may 2017-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda son makroiqtisadi proseslər geniş müzakirə olunub. Müzakirələrdə makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəziyyəti və başlıca makroiqtisadi risklər nəzərdən keçirilib.

İclasda qeyd olunub ki, cari ildə tədiyə balansında yaxşılaşma meyilləri müşahidə edilir.  Yaranmış vəziyyətdə 2017-ci ilin sonuna xarici ticarət balansında və cari əməliyyatlar hesabında müsbət saldonun yaranacağı gözlənilir.

Milli valyutanın möhkəmlənməsi trendinin və daxili tələb amillərinin təsiri altında inflyasiya gözləntiləri səngiməyə başlayıb. Aparılan son sorğulara görə əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azalması müşahidə edilib. Cari ilin son 3 ayında aylıq inflyasiya templəri yanvar ayına nəzərən aşağı olub.

Mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çeviklik artırıılıb. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa imkan verib.

Həyata keçirilən sabitləşdirmə tədbirlərinin inflyasiyanın azalmasına ötürülməsi xüsusiyyətlərini və vaxtını, makroiqtisadi risklər xəritəsində baş verən dəyişiklikləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə qərar qəbul edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır