Azərbaycan Respublikasının Mərkəzi Bankının kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi Bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlimlər təşkil olunur.
Bu prosesin davamı olaraq cari ilin 10 aprel – 15 may tarixlərində KİV nümayəndələri üçün “Mərkəzi Bankçılıq və Maliyyə savadlılığı” mövzusunda treninq keçirilib. Treninqin sonunda seminarlarda fəal iştirak edən və keçirilən test imtahanında yüksək nəticələr göstərən jurnalistlər, həmçinin yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə press-tur təşkil edilib.
Press-turun keçirilməsində əsas məqsəd media nümayəndələrini idarənin, eləcə də digər müvafiq təşkilatların fəaliyyəti barədə əyani məlumatlandırmaq olub.
Jurnalistlərə “Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin yerinə yetirdiyi funksiyalar və muxtar respublikada bank infrastrukturu” adlı təqdimat nümayiş olunub. Təqdimatın sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.