Mərkəzi Bankın İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri çıxışında önə çəkən E.Rüstəmov bildirib ki, Möhtərəm Prezidentin rəhbərliyi altında 2018-ci ildə ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.
E.Rüstəmov Mərkəzi Bankın 2018-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirib. Vurğulanıb ki, 2018-ci ildə Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib. 2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib. 2018-ci ildə in orta illik inflyasiya 2,3% təşkil edib. Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olub. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb.
Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.