Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyası ilə görüş olub.
Missiyanın məqsədi iqtisadi və sosial rifahın monitorinqi, sonuncu iqtisadi dəyişikliklərin rifaha təsirlərinin paylanması ilə bağlı təhlilin aparılması, ev təsərrüfatlarının iqtisadi şoklardan müdafiəsi məqsədilə siyasətin hazırlanması prosesinin məlumatlandırılması sahəsində Dünya Bankı ilə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın müzakirəsidir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib: “Belə iqtisadi şəraitdə bir tərəfdən sosial müdafiə sisteminin gücləndirilməsi və ölkə əhalisinin əhəmiyyətli bir hissəsinə yönələn və ailə təsərrüfatlarının gəlir mənbələri sırasındaolan sosial ödənişlərin (pensiya, müavinət, təqaüd və s.) artırılması təmin edilib, digər tərəfdən, yeni iş yerlərinin yaradılması prosesinin və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, xüsusən dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü üzrə bu proseslərin geniş miqyas alması iş yerlərinin itirilməsi və əmək bazarında gərginlik riskinin aradan qalxmasına imkan verib. Nəticədə, əmək resurslarının məşğulluğunda azalmaya deyil, artımın davam etməsinə nail olunub. Təsadüfi deyil ki, cari ilin 9 ayında da məşğulluq mərkəzlərinə iş üçün müraciət edənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən təqribən 2 dəfə azalıb. Cari ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun 2,5 % artımı şəraitində yeni iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi işsizliyin aşağı səviyyədə saxlanmasını təmin edir”.