Vergilər Nazirliyi rəsmi saytında məzuniyyət pulundan gəlir vergisi tutulub-tutulmaması haqqında məlumat yayıb.
Məlumatda deyilir ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür.
Müvafiq olaraq, məzuniyyət pulu da muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.
Qeyd edək ki, bu barədə Vergi Məcəlləsinin 98.1-ci, 102.1.4-cü və 150.1.1-ci və Əmək Məcəlləsinin 154-cü maddəsində məlumat verilib.