“Made in Azerbaijan” brendinin təbliği ilə bağlı prosedurlar müəyyənləşdirilib

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanında nəzərdə tutulan ixracın stimullaşdırılmasına dair dəstək mexanizmlərinin reallaşdırılması üçün 1-i qayda və 4-ü meyar olmaqla 5 sənəd artıq təsdiq olunub, ilkin olaraq ixrac missiyalarının təşkil edilməsi, beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı meyar və prosedurlar müəyyənləşdirilib.

Bu barədə oktyabrın 19-da Bakı Biznes Mərkəzində 150-ə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Vurğulanıb ki, ikin olaraq, ixrac missiyalarının Avropa İttifaqı, MDB, Körfəz və Ərəb ölkələrinə, eləcə də Çin, Yaponiya, Malaziya və s. ölkələrə təşkili nəzərdə tutulur. Noyabr ayında Çinə (Honq Konq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili əsasən Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək Beynəlxalq Şərab Sərgisində, gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də, Dubay Ərzaq, Düsseldorf Şərab, Moskva Kənd Təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur.

Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğı planlaşdırılır. İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın və Fransanın tanınmış mağazalar şəbəkələrində, SOCAR-ın bir sıra ölkələrdəki yanacaqdoldurma məntəqələrindəki mağazalarında, xaricdə fəaliyyət göstərən Azərbaycan evlərində və mərkəzlərində “Made in Azerbaijan” rəflərinin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır