Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Azərbaycan Banklar Assosiasiyası (ABA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə 30 noyabr 2018-ci il tarixində Şamaxı şəhərində Mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) iş prinsipi, eyni zamanda “Kapital bazarları vasitəsilə maliyyələşmə” və “Biznes risklərinin idarə edilməsi: gəlir və xərclərin düzgün tənzimlənməsi” mövzusunda təlim keçib.
50-dən çox sahibkarın və kredit təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Şamaxı rayon icra hakimiyyətinin nümayəndəsi iştirakçıları salamlayıb və ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə məlumat verib.
Daha sonra Palatanın nümayəndəsi tərəfindən dünyanın nüfuzlu “Doing Business – 2019” hesabatında ölkəmizin 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması və bu uğuru şərtləndirən uğurlu iqtisadi siyasət xüsusi vurğulanıb.
Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Təlimdə həmçinin reyestrin faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər də qeyd edilib.