Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) nağdsız ödənişlər və kapital bazarlarında müasir təcrübəyə dair məlumatlılığın artırılması məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində “Nağdsız ödənişlər: mövcüd imkanlar və yeniliklər” və “Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzularında təlimlər keçirib.
Palatanın mütəxəssisləri nağdsız hesablaşmalar və onun növləri, ödəniş kartları ilə əməliyyatlarda fırıldaqçılıq halları və onun qarşısının alınması tədbirləri, pul köçürmələri, eyni zamanda kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzular üzrə təqdimatlar keçirib.
Bundan əlavə, seminarda nağdsız hesablaşmalar və ödəniş alətləri ilə əməliyyatlar, həmçinin kapital bazarlarında aparılan əməliyyatlara dair beynəlxalq təcrübə barədə müzakirələr aparılıb, tələbələrin rəyləri və təklifləri dinlənilib. Ən aktiv iştirakçılara Palatanın sertifikatları təqdim edilib.
Qeyd edək ki, növbəti aylar ərzində Palata maarifləndirici tədbirlərini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında və digər ali təhsil müəssisələrində keçirəcəkdir.