Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi təlim keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi 22 fevral 2019-cu il tarixində Naxçıvan şəhərində Şərur, Sədərək və Kəngərli rayonlarında fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçib.

Təlimdə dünyanın nüfuzlu “Doing Business – 2019” hesabatında ölkəmizin 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması və bu nailiyyəti şərtləndirən uğurlu iqtisadi siyasət xüsusi vurğulanıb.

Əlavə olaraq, reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib.

Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.

Təlimdə həmçinin reyestrin faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər də qeyd edilib.

22 fevral 2019-cu il tarixinə reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərdən çox, sistemə daxil edilmiş bildirişlərin sayı isə 32 mindən artıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır