Maliyyə hesabları barədə məlumatlar avtomatik mübadilə ediləcək

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində maliyyə institutlarının məsul şəxsləri üçün Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi ilə bağlı seminar keçirilib.

Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktoru Səfərəli Cavadov bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanan bu standart dünyanın 100-dən çox ölkəsində tətbiq olunur. Sənəd vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin həmin dövlətlərdəki maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanmasını və həmin hesab sahiblərinin rezidentləri olduqları dövlətlərə ötürülməsini tənzimləyir.

Standartın tələbinə əsasən, maliyyə institutları hesab açan şəxslərə özününqiymətləndirmə anketini təqdim etməlidir. Həmin anketlərin hazırlanmasında böyük bankların təcrübəsindən istifadə olunub.

Seminarda deyilib ki, Azərbaycan qanunvericiliyində bu standartların tətbiqin üçün münbit zəmin var.

Qeyd edək ki, CRS  bu il iyulun 1-dən Azərbaycanda tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır