Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qeyri-hökumət təşkilatlarına müraciət edib.

BBN.az xəbər verir ki, müraciətdə bildirilir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır