Maliyyə Nazirliyinin Apellyasiya Şurasına müraciətlərin sayı açıqlanıb

2017-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub.

BBN.az xəbər verir ki, sözügedən müraciətlərin 6-ı “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tənzimləmə predmetinə aid olmayıb və adıçəkilən əsasnamənin şikayətlərə dair tələblərinə cavab verməyib. Bununla bağlı müraciət edən şəxslərə müvafiq qaydada yazılı cavab verilib.

Bundan başqa, ötən ildə Şuraya daxil olmuş müraciətlərdən 1-i ərizəçi tərəfindən geri götürülüb, digər 1 ərizəçi tələbi barədə Apellyasiya Şurası ilə yanaşı məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi üçün həmin şikayət üzrə Şurada başlanılmış icraata xitam verib.

Eyni zamanda 1 müraciətə Maliyyə Nazirliyinin Apellyasiya Şurasının iclasında baxılaraq ərizəçinin şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır