Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı təşkilatlar arasında mövcud əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Rüfət Aslanlı maliyyə sektorunun dayanıqlığının artırılması istiqamətində BVF-nin Palataya verdiyi dəstəyi və tövsiyələri yüksək dəyərləndirdiyini bildirib.
Görüşdə Palata tərəfindən bank və sığorta sektorlarının maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində görülmüş tədbirlərə dair müzakirələr olub. Belə ki, bank sektorunun sağlamlaşdırılmasının Palatanın fəaliyyətinin əsas prioritetlərindən olduğunu vurğulayan R. Aslanlı, aparılmış restrukturizasiya tədbirləri nəticəsində bank sektorunda stabilləşmə meyllərinin müşahidə olunduğu barədə BVF-yə məlumat verib.
Həmçinin, sığorta sektorunda əsas risklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində hazırlanmış tədbirlər planının mərhələli şəkildə icra edildiyi barədə məlumat verilib.
Məhəmməd əl-Qorçi Beynəlxalq Valyuta Fondunun ölkənin bank və sığorta sahəsində həyata keçirilən tədbirləri dəstəklədiyini və bu addımların maliyyə sektoruna mühüm töhfələr verəcəyinə əminliyini bildirib.