“Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar” mövzusunda tədbir keçirilib

6 mart 2018-ci il tarixində Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə “Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar”  mövzusunda tədbir keçirilib.

BBN.az xəbər verir ki, 100 nəfərdən çox sahibkarın iştirak etdiyi tədbirdə qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyasının xüsusiyyətləri, eləcədə kapital bazarına aid digər məsələlər müzakirə edilib.

Tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov, Azərbaycan Sahibkarlar Konfederasiyasının  prezidenti  Məmməd Musayev çıxış edib.

Daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət departamentinin direktoru Cavid Nəzərov “Kapital bazarları vasitəsilə maliyyələşmə”, Bakı Fond Birjasının İdarə heyətinin sədri Vüqar Namazov “Listinq Məsləhət Proqramı” , Azərbaycan Fond Bazarı  İştirakçılarının Assosiasıyasının sədri Ceyhun İbrahimov “Kapital bazarlarında investisiyalar”,  SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan “Kapital bazarlarının inkişafında xarici investora ehtiyac varmı?” adlı təqdimatlarla çıxış ediblər.

Təqdimatlardan sonra şirkətlərin kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, Bakı Fond Birjasında listinqin üstünlükləri və Listinq Məsləhət Proqramına qoşulma, şirkətlər tərəfindən investisiya qiymətli kağızlarına investisiyalar mövzuları ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır