“Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli Tədbirlər planı müzakirə olunub.

İyunun 20-də Maliyyə Sabitliyi Şurasının  iclası keçirilib. İclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadə sədrlik edib.

İclasda  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfin reallaşdırılmasını nəzərədə tutan prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi geniş Tədbirlər planı müzakirə olunub.

Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.

Tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanıb, həmçinin beynəlxalq maliyyə qurumlarının texniki yardım çərçivəsində hazırladığı sənədlərdən də istifadə edilib.

Qeyd edək ki, tədbirlər planının son variantı 10 iyul 2017-ci il tarixində Maliyyə Sabitliyi Şurasının növbəti toplantısında təsdiq olunub

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır