“Görürük ki, Azərbaycan xalqı orta yaş (28 yaş) etibarı ilə çox cavandır və Avropadakı orta yaş göstəricisindən də aşağıdadır. Həmçinin internetdən istifadə 60% kimi çox yüksək bir səviyyədədir. Bundan əlavə smartfonların istifadəsi də çox yayılıb. Nəticə etibarı ilə deyə bilərik ki, Azərbaycanın smartfon istifadə edən, çox dinamik və yeniliyə açıq bir əhalisi vardır”.
Bunu “MasterCard Worldwide”-ın Biznesin İnkişafı və Məhsul Satışı departamentinin direktoru Yiğit Çağlayan BBN.az-a açıqlamasında bildirib.
“Azərbaycanı digər ölkələrlə, məsələn Şərqi Avropa, Türkiyə və Ukrayina ilə müqayisə etdikdə nağdsız ödənişlərin təşviqi üçün daha yaxşı bir şəraitin olduğu görünür” – deyə Y. Çağlayan bildirib.
“Layihənin reallaşma müddətinin nə qədər olacağı haqqında dəqiq bir proqnoz vermək bu mərhələ üçün hələ tezdir. Lakin burada göstərilən bütün addımların atılacağı təqdirdə istənilən nəticəyə tez bir zamanda çatacağımızı gözləyirik”- deyə “MasterCard”ın nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, burada yalnız Mərkəzi Bankla “MasterCard”ın deyil, bankların, digər dövlət qurumlarının, sahibkarların və əhalinin dəstəyi və birgə səfərbərliyi lazımdır.