MBNP ilə Xüsusi Dövlət Mühafizə Xidməti Memorandum imzalayıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata)  və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (Agentlik) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycanın bank sektorunda  kibertəhlükəsizlik, kibercinayətkarlıq halların qarşısının alınması,  İnformasiya Texnologiyaları təhlükəsizliyin təmin edilməsi və maliyyə sektorunun əməkdaşlarının  İT  təhlükəsizliyi sahəsində bilik səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndilirməsidir.

Memorandumu Palatanın  Baş icraçı direktoru İbrahim Alışov və Agentliyin rəis müavini Azər Əhədov imzalayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Palatanın Baş icraçı direktoru İ. Alışov bildirdi ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş fəaliyyət planına əsasən, Agentlik tərəfindən İT təhlükəsizliyi sahəsində Palataya texniki dəstəyin göstərilməsi, daxili informasiya təhlükəsizliyi siyasətinin (qaydalarının) formalaşdırılması, eləcə də E-poçt təhlükəsizliyin təmin edilməsi, bank hesabları ilə əməliyyatlarda trafikin qorunması və CSRF (Cross-Site Request Foregery) təhlükəsizliyi, proqram təminatında kənar resurslardan hazır kodların çağırılması və kənar kodların istifadəsinin yaratdığı təhlükələrin aradan qaldırılması, İT təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin keçirilməsi istiqamətlərində əməkdaşlıq nəzərdə tutulur.

A. Əhədovun  sözlərinə görə, Memorandum çərçivəsində Palata və onun nəzarət subyektləri xüsusi interaktiv xidmət portalına qoşulmaqla informasiya təhlükəsizliyi sahəsində müvafiq istiqamətlər üzrə tələb olunan vacib məlumatları əldə edəcək, təhlükələr barədə xəbərdar olunacaq, informasiya təhlükəsizliyi kitabxanası və “İnformasiya Təhlükəsizliyi” jurnalının xidmətlərindən yararlana biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır