Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Kooperasiya Universitetinin Maliyyə və bank işi kafedrasının birgə təşkilatçılığı ilə sığorta bazarı haqqında növbəti maarifləndirici seminar keçirilib.
Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının və bir sıra sığorta şirkətlərinin nümayəndələri tərəfindən təqdim olunan mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində sığorta haqqında ümumi məlumat, mahiyyəti və sığortanın əsas növləri, sığorta riskləri və anderraytinq haqqında məlumat, həyat və qeyri-həyat sığortası mövzuları müzakirə olunub.
Təcrübə və diskussiyalarla zəngin olan təlimdə Azərbaycan Kooperasiya Universitetinin akademik heyəti və tələbələri iştirak edib.