Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Dünya Bankının Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, həmçinin Dünya Bankının Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Stategiyası çərçivəsində əməkdaşlığın yeni perspektiv istiqamətləri müzakirə olunub.
Öncə nümayəndə heyətinin rəhbəri xanım Tembon Mərkəzi Bankın sədrinin timsalında bütün əməkdaşlarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təbrik edərək Azərbaycanda dövlətçiliyin və iqtisadiyyatın bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini ifadə etdi. O, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan iqtisadiyyatında mühüm rola malik olduğunu qeyd etdi, mayın 29-da Dəhlizin rəsmi açılışını Azərbaycanın yüksək nailiyyəti kimi qiymətləndirib.
Sonra o, Dünya Bankının Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələr zamanı əldə edilmiş nəticələr, qazanılmış təcrübə, göstərilən xidmətlərin önəmini xüsusi olaraq vurğulayaraq dayanıqlı, inkluziv, iqtisadi artımın önəmini qeyd etdi. Azərbaycan Hökumətinin apardığı strateji iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edən xanım Tembon bu məqsədlə görülən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyini qeyd edib. O, həmçinin, Dünya Bankının Azərbaycanda fəaliyyətinə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib.
Azərbaycanın DB ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının uğurla davam etdirilməsinə ümidli olduğunu bildirib.
Görüş zamanı həmçinin Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.