Məşğulluq Alt-Sistemi Strategiyasına dair təqdimat keçirilib

Özbəkistan nümayəndə heyəti üçün Əmək Müqaviləsi Alt-Sisteminə və Məşğulluq Alt-Sistemi Strategiyasına dair təqdimat keçirilib.

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti üçün onların müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Əmək Müqaviləsi Alt-Sisteminə və Məşğulluq Alt-Sistemi strategiyasına dair təqdimat olub.

Tədbir zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanda əmək və sosial təminat sisteminin müasir texnologiyalar üzərində qurulması yönündə aparılan islahatlar barədə məlumat verib. O, əmək müqavilələrinin elektron qeydiyyat sisteminin əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına imkan yaratdığını qeyd edib. Nazir müavini həmçinin Məşğulluq Alt-Sistemi strategiyasından bəhs edib.

Azərbaycanda əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatları maraqla izlədiklərini bildirən Ş.Kudbiyev əmək müqavilələrinin elektron qeydiyyat sistemi ilə bağlı ölkəmizin təcrübəsini öyrənməyə və Özbəkistanda tətbiq etməyə maraq göstərdiklərini vurğulayıb.
Sonra əmək müqavilələrinin elektron qeydiyyat sistemi və Məşğulluq Alt-Sistemi strategiyası ilə bağlı Özbəkistan nümayəndə heyətinə ətraflı məlumatlar verilib. Əmək Müqaviləsi Alt-Sisteminin Özbəkistanda tətbiqi və bu sahədə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır