MİDA mənzillərin bir hissəsini Təhsil Nazirliyinə təqdim edəcək

Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil təminatı üçün iki əhali qrupu hədəf olaraq müəyyən edilib.

Bu əhali qrupu seçilmiş kateqoriyalara aid edilən şəxslər və Dövlət Sifarişi əsasında müəyyənləşdirilən şəxslərdir.

MİDA-nın dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olumuş müvafiq Qayda ilə müəyyənləşdirilən “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü” kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək.

Təhsil Nazirliyinin müraciəti əsasında reallaşdırılacaq ilk dövlət sifarişi layihəsi çərçivəsində Yasamal Yaşayış Kompleksinin ərazisində 1 binanın tikintisi nəzərdə tutulur. Həmin yaşayış evinin mənzillərinin bir hissəsi Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinə təqdim olunacaq, qalan hissəsi isə “MİDA” MMC-nin sərəncamına verilərək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır