“MİDA” özəl investorların müsabiqə yolu ilə qiymətləndirilməsi prosesini başa çatdırıb

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Strateji Yol Xəritəsi ilə bu istiqamətdə müəyyən olunmuş strateji hədəflərə uyğun olaraq dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsinə başlayıb.

Belə ki, Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib. Agentliyin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi üzrə, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə sakinlərə xidmətlərin göstərilməsi üzrə cari ilin iyun ayında elan olunmuş investisiya müsabiqələrinin iştirakçılarının təkliflərinin qiymətləndirilməsi prosesi başa çatdırılıb.

Qeyd edək ki, təqdim olunmuş investisiya təkliflərinin dəyərləndirilməsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC  elan olunub. Yasamal Yaşayış Kompleksi ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş ikinci investisiya müsabiqəsinin iştirakçılarının təqdim etdiyi təkliflərin dəyərləndirilməsi nəticəsində isə “ENGİNET” MMC müsabiqənin qalibi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır