MİDA tərəfindən tikilən mənzillərin qanunsuz satışı aşkarlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında“579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Nəticədə “579 SSA” MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığı halda, mənzil satışı həyata keçirməyə çalışıb.

Belə ki, qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, güzəştlə mənzil almaq hüququ olan vətəndaşlara tövsiyə olunur ki, bu cür neqativ hallarla rastlaşmamaları üçün Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təşkil olunan “Güzəştli mənzil” xidmət məntəqələrinə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır