Əmək və sosial müdafiə sahələrində Misirlə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etdirilməsi iki ölkənin əmək və sosial müdafiə sahəsində sıx əməkdaşlıq əlaqələrinin formalaşdırılması üçün əlverişli zəmin yaradıb. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə Nazirlikdə keçirilən tanışlıq görüşündə vurğulayıb.

BBN.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, S.Müslümov digər bir sıra İslam ölkələri kimi, Misir Ərəb Respublikası ilə də əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib. O, İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər, həmçinin Azərbaycan və Misir arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb. Nazir, eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əmək bazarı proqramları, aktiv məşğulluq tədbirlərinin təşkili, işçi qüvvəsinin əmək bacarıqlarının artırılması, müasir və şəffaf iş sistemlərinin qurulması və s. sahələrdə ikitərəfli əməkdaşlıq üçün imkanların olduğunu  diqqətə çatdırıb.

A.İbrahim ölkəsi ilə Azərbaycan arasında dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişləndiyini vurğulayıb, əmək və sosial müdafiə sahəsində də bu əlaqələrin formalaşması və inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini bildirib. Səfir bu sahədə öz səylərini göstərəcəyini qeyd edib.

Qeyd edək ki, görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır