Misir Prezidenti Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

Fevralın 22-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir Prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Şahin Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qeyd olunub ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq ərazilərimizi işğal altında saxlamaqda davam edir.

Şahin Mustafayev Misirə səfəri çərçivəsində keçirdiyi görüşlər, Müştərək Komisiyanın iclası və imzalanacaq sənədlər barədə Misir Prezidentinə məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır