Mobil hökumət və mobil imzanın tətbiqi üzrə Avstriya-Azərbaycan əməkdaşlığı genişləndirilir

Avstriya ilə İKT sahəsində əməkdaşlıq çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.

Səfər zamanı Avstriya Federal Katibliyi, Rəqəmsal Avstriya Təşkilatı, Federal Kompüter Mərkəzi, Avstriya Texnologiyalar İnstitutu və digər müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirilib.

Görüşlərdə əsas müzakirə mövzusu mobil hökumət və mobil imzanın tətbiqi imkanları, təhlükəsizliyi və qarşılıqlı tanınması olub. Qeyd edilib ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri mobil hökumətin və mobil imzanın geniş tətbiqini zəruri edir. Bu baxımdan ölkəmizdə hər iki elektron hökumət komponentinin – mobil hökumət və mobil imzanın tətbiqinin Avstriya ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində sürətləndirilməsi qərara alınıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan və Avstriya hökumətləri arasında 40-dan çox ikitərəfli müqavilələr imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır