Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənovun müsahibəsi:
– Əli müəllim, ölkəmizdə insan kapitalının inkişafı ilə bağlı hansı islahatlar həyata keçirilir?
– Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına və inkişafına xüsusi diqqət göstərilir. İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Biz də bunu nəzərə almalıyıq. Bu mənada, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib.
Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar siyasəti deməyə əsas verir ki, əldə olunan gəlirlərin böyük hissəsi təhsilə, səhiyyəyə, yeni texnologiyaların tətbiqinə yönəldilsin. İnsan kapitalının inkişafı Azərbaycanda həyata keçirilən dövlət proqramlarının əsas prioritetlərindən biridir. Qeyd edək ki, Avrasiya İnsan İnkişafı Fondunun dünya ölkələrinin inkişafında insan amilinə dair hazırladığı hesabatda qeyd olunur ki, iqtisadiyyatda insan kapitalı insana yönələn investisiyanın həcmi ilə ölçülür. Dünyada iqtisadi artımın 16 faizi fiziki kapital, 20 faizi təbii ehtiyatlar, 64 faizi isə insan kapitalı hesabına əldə olunub. İnsan kapitalına yönələn xərclərin artması nəticədə həmin ölkənin gələcəkdə daha da inkişaf etməsinə səbəb olur.
Bir neçə il bundan əvvəl keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemi yaratmaq məqsədilə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın tətbiqi barədə sərəncam imzalanıb. Sözügedən sənəddə insan kapitalının inkişafının iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli şəkildə faydalanması prosesində ən mühüm şərtlərdən olan təhsil sisteminin başlıca vəzifələri əksini tapıb. Təhsil sahəsinə diqqətin artırılması ölkədə insan resurslarının inkişafı və iqtisadiyyatın, o cümlədən regionların yüksək ixtisaslı kadrlarla təmin olunması baxımından dayanıqlı iqtisadi inkişafa xidmət edə biləcək təqdirəlayiq haldır. 2016-cı ildə büdcədən təhsilə ayrılan xərclərin həcmi 2010-cu illə müqayisədə 38 faiz artıb. 2016-cı il dövlət büdcəsindən məktəbəqədər və ibtidai təhsilə 157,4 milyon manat, ümumi təhsilə 940,1 milyon manat, ilk texniki-peşə məktəblərinə 33,7 milyon manat, ali təhsilə 37,2 milyon manat, orta ixtisas təhsilinə 43,6 milyon manat, əlavə təhsilə 3,6 milyon manat və təhsil sahəsində digər xidmətlərə 497,9 milyon manat vəsait yönəldilib. Qlobal iqtisadi böhran şəraitində dövlət büdcəsində gəlirlərimizin azalmasına baxmayaraq, təhsil sisteminin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi artıb. 2017-ci ildə təhsil xərcləri üçün dövlət büdcəsindən 1859,5 milyon manat, – 2016-cı illə müqayisədə 146 milyon manat və yaxud 8,5 faiz çox vəsait ayrılıb. Dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,2 faiz təşkil edən təhsilə ayrılmış vəsait «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı»na və «2013-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya»ya uyğun olaraq, təhsil sisteminin inkişafına yönəldilmiş dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, bu sahədə infrastrukturun müasir tələblərə uyğun qurulmasına, təhsilin məzmununun yeniləşməsinə və yeni informasiya-kommunukasiya texnologiyalarının tətbiqinə maliyyə təminatı yaradacaq.
– İnsan kapitalı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi strategiyanın əsas prioritetlərindəndir. Bu istiqamətdə ilkin hədəf olaraq hansı tədbirlər önə çəkilir?
– İnsan kapitalının inkişafını gələcək iqtisadi strategiyanın əsas hədəflərindən biri kimi müəyyən edən Azərbaycan dövləti «qara qızılı» məhz bu istiqamətə yönəldərək gələcək milli inkişafa əsaslı zəmin yaradır. İnnovativ iqtisadiyyatda güclü maliyyələşdirməyə imkan verən iqtisadi resursların olması ilə bərabər, bu sistemi idarə edən intellektual və texnoloji potensiala da böyük ehtiyac var. İnnovasiya şəbəkəsinin iştirakçılarının sayının daim artması, bura yeni sosial qrupların cəlb edilməsi, innovasiyanın inkişafına istiqamətlənən institusional sistemin yaradılması bu sahədə əsas faktorlardandır. Azərbaycanda insan kapitalının zəngin elmi bazaya söykəndiyini nəzərə alsaq, elmi innovasiyalar sahəsinə yatırılan kapitalın böyük əhəmiyyət daşıdığını yəqin etmək olar.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da ənənəvi iqtisadiyyatdan «bilik iqtisadiyyatına» keçidin əsasının qoyulması, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilir. Qeyd etmək lazımdır ki, ölkədə innovasiya siyasəti üzrə əsas strateji xətt büdcə siyasəti sferasında inkişaf etmiş ölkələrin standartlarına keçidin təmin edilməsindən ibarətdir. Bu o deməkdir ki, təhsilin maliyyələşdirilməsi səviyyəsinin ÜDM-də xüsusi çəkisinin 7%, səhiyyənin 6%, elmin 3% olması zəruridir. 2016-cı ilin statistikasına nəzər salsaq görərik ki, bu göstəricilər Azərbaycanda analoji olaraq 2,9%, 1,2% və 0,2% təşkil edib.
– Yeri gəlmişkən, bu yaxınlarda Tədris Mərkəzi 15 illiyini qeyd etdi…
– Bildiyiniz kimi, Vergilər Nazirliyinin Tədris Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli Qərarı ilə yaradılıb. Bu müddət ərzində Mərkəz böyük inkişaf yolu keçib. 2011-ci ilin sentyabr ayının 13-də Şamaxı rayonunun Nağaraxana kəndində cənab Prezidentin şəxsən iştirakı ilə yeni, ən müasir standartlara cavab verən Tədris Mərkəzi istifadəyə verilib. Son 5 ildə bu təhsil ocağı peşəkar vergi orqanı əməkdaşlarının hazırlanmasında, ölkədə vergi mühitinin formalaşmasında, sahibkarların vergi biliklərinin artırılmasında mühüm rol oynayıb.
İnsan resurslarının idarə edilməsi siyasəti vergi orqanlarının ümumi siyasətinin tərkib hissəsinə çevrilib. Vergi sistemində həyata keçirilən kadr siyasəti əməkdaşların potensialından və təcrübəsindən yalnız bir struktur daxilində deyil, bütövlükdə vergi orqanlarının məqsədləri üçün səmərəli istifadə edilməsinə gətirib çıxaracaqdır. Hazırda Vergilər Nazirliyində «2017-2019-cu illərdə Azərbaycan Respublikasının vergi orqanlarında insan resurslarının inkişafı Strategiyası» hazırlanır. Strategiyanın əsas missiyası potensiallı kadrları vergi orqanlarına cəlb etmək və saxlamaq, onların bilik və bacarıqlarından təyinatı üzrə və məqsədyönlü şəkildə istifadə etməklə dövlət vergi orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasından ibarətdir. Strategiyanın uğurla icrası nəticəsində vergi orqanlarına kadrların seçimində, əməkdaşların vəzifədə irəliləməsində və ya yerdəyişməsində vergi orqanlarının spesifik tələbləri və kadrların fərdi göstəriciləri (bilik, bacarıq və təcrübələri) nəzərə alınacaq, vergi orqanlarında insan resurslarının inkişafına yatırılan investisiyanın yüksək səviyyədə geriyə dönüşü təmin ediləcək, insan resurslarının idarə edilməsi institutları (işə qəbul, vəzifədə irəliləmə, təlim, fəaliyyətin qiymətləndirilməsi, rotasiya və digərlərinin) qarşılıqlı şəkildə sıx əlaqələndiriləcək, əməkdaşların motivasiyası və özünüinkişafa həvəsi artırılacaq və insan resurslarının idarə edilməsi sahəsində mövcud hüquqi aktlar sistemləşdiriləcək.
Hazırda Vergilər Nazirliyinin insan resursları strategiyasının qarşısında duran əsas prioritetlərə kadrların seçilməsi və yerləşdirilməsində vergi orqanlarının spesifik xüsusiyyətlərinin, cari və perspektiv hədəflərinin nəzərə alınması, rəhbər vəzifələrə kadrların daha planlı və sistemli hazırlanması, vəzifə tutan şəxslərin idarəetmə sahəsində bacarıqlarının artırılması, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinin daha obyektiv, hərtərəfli və nəticəyönümlü aparılması, vergi orqanları əməkdaşlarının təliminin onların fərdi karyera inkişafı ilə birbaşa əlaqələndirilməsi, effektiv həvəsləndirmə sistemi qurmaqla peşəkar kadrların vergi orqanlarına cəlb edilməsi və saxlanılması daxildir.