Monetar şərait neytrallığa yaxınlaşmaq istiqamətində dəyişib

2018-ci ildə monetar şərait neytrallığa yaxınlaşmaq istiqamətində dəyişib.

BBN.az xəbər verir ki, monetar şəraitin tarazlı yumşaldılması tədbirləri qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balans yaratmağa xidmət edib.

İlin ötən dövründə Mərkəzi Bank ümumilikdə pul bazasına artırıcı təsir göstərən monetar əməliyyatlar həyata keçirib. Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı yanvar-may aylarında 12.3% azalmışdır ki, bu da fiskal əməliyyatların pul bazasına azaldıcı təsirini qismən neytrallaşdırıb. Kredit aktivliyinin zəif bərpası və bank sistemində iri həcmli struktur likvidliyi şəraitində Mərkəzi Bankın açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı sərhəddinə yaxın səviyyədə formalaşmaqdadır.

İnflyasiya gözləntilərinin azalması şəraitində 2018-ci ilin ötən dövründə ölkədə de-dollarlaşma prosesləri davam edib. İlin əvvəlindən xarici valyutada depozitlərin geniş pul kütləsində (M3 pul aqreqatı) xüsusi çəkisi 2.1 faiz bəndi, fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə 3.6 faiz bəndi azalıb.

Qeyd edək ki, Mərkəzi Bank 2018-ci ilin qalan dövründə də inflyasiya dinamikasını, inflyasiya risklərini, iqtisadi artım perspektivlərini və monetar sektorda gedən prosesləri nəzərə almaqla faiz dəhlizi parametrlərinə dair qərar verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır