Moody’s ABB-nin reytinqlərini yüksəltməyə başlayıb

Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası planı xarici kreditorlar tərəfindən qəbul edildikdən sonra Moody’s beynəlxalq reytinq agentliyi bankın reytinqlərinə yenidən baxaraq bəzi reytinqləri yüksəldib. Belə ki, xarici və yerli valyutada uzunmüddətli depozit reytinqi Caa2-dən Caa1 səviyyəsinə artırılıb. Xarici valyutada qorunmayan borclar reytinqi Caa3 səviyyəsindən Caa2-ə qaldırılıb. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments – BCA) də “ca” pilləsindən “caa3” pilləsinə qədər yüksəlib. Eyni zamanda, qarşı tərəf kredit riski qiymətləndirməsi (CRA) Caa1 (cr) səviyyəsindən B3 səviyyəsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqinə pozitiv proqnoz verilib.

Agentliyin açıqlamasında bildirilib ki, yeni reytinqlər restrukturizasiya planı üzrə səsvermənin 18 iyulda elan olunmuş nəticələrinə əsaslanır. Reytinqlərdə baş verən müsbət dəyişikliklər restrukturizasiya prosesi başa çatandan sonra bankın maliyyə durumunun yaxşılaşacağı ilə bağlı Moody’s-in gözləntilərini əks etdirir. Agentliyin proqnozlarına görə, öhdəliklərin restrukturizasiyası planının bu şəkildə icrası bankın maliyyə dayanıqlığını, kapital mövqeyini gücləndirəcək və aktivlərinin keyfiyyətini yaxşılaşdıracaq.

Öhdəliklərin könüllü restrukturizasiyası ilə yanaşı, problemli aktivlərin bankın balansından çıxarılması da aktivlərinin keyfiyyətinin yaxşılaşmasına kömək göstərəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır