“Moody’s” Azərbaycanın reytinqini açıqlayıb

Beynəlxalq reytinq agentliyi Moody’s Azərbaycanla bağlı hesabatını açıqlayıb.

Hesabata əsasən,  Azərbaycanın reytinqi “Ba1” olaraq təsdiqlənib və “mənfi” olaraq proqnozlaşdırılır.

Agentlik bildirir ki, manatın ucuzlaşmasından və yüksək inflyasiyadan qaynaqlanaraq ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin və istehlakın azalması, eləcə də bank sektorundakı mövcud vəziyyət iqtisadi artım üzərindəki riskləri artırır.

Azərbaycanda İqtisadi Dayanıqlıq “Zəif” (+); İnstitutsional Dayanıqlıq “Zəif” (-); Fiskal Dayanıqlıq “Yüksək” və Hadisə Risklərinə Həssaslıq “Orta” (+) qiymətləndirilir. Bu Moody`s-in Suveren Borc Reytinqi Metodologiyasının əsas dörd analitik göstəricisidir.

“Ba1” reytinqini müsbət yöndə dəstəkləyən amillər bunlardır:

  • Dövlət gəlirlərini təmin edəcək hidrokarbon ehtiyatlarının olması;
  • Dövlət borcunun həcminin və faiz ödənişlərinin az olması;
  • Xarici valyutada iri həcmli ehtiyatların olması.

Reytinqə mənfi təsir edən amillər isə aşağıdadır:

  • İqtisadiyyaatın hərtərəfliliyinin aşağı olması, zəif diversifikasiya;
  • Zəif bank sektoru;
  • Zəif institusionallıq;
  • Geosiyasi hadisələr.

Hesabatda göstərilir ki, 2014-cü ilin ortasından 2016-cı ilin  əvvəlinə qədər neft qiymətlərinin azalmasına qarşılıq olaraq, Azərbaycanın xarici ehtiyatları hesabına bunu kompensasiya etmə prosesinin zəif olması iqtisadi dayanıqlıq göstəricisinin aşağı verilməsinə əsas səbəbdir.

Agentlik 2015-ci ildəki 1.1%-lik iqtisadi artıma qarşılıq olaraq, 2016-cı ildə 3.3% iqtisadi geriləmənin olmasını  dövlət xərclərinin və nominal ixracın azalması ilə əlaqələndirir. Moody`s-in proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatında 2017-ci ildə 1.1%,  2018-ci ildə isə 1.9% iqtisadi artım baş verməsi gözlənilir. Bu artım neft qiymətlərini yüksəlməsi, kredit qoyuluşlarının bərpası, “Şah Dəniz” qaz yatağındakı hasilatın artırılması ilə əlaqələndirilir. Agentlik qeyd edir ki, əgər inflyasiya gözləniləndən çox olarsa, bu artım daha zəif ola bilər.

Son illərdəki inkişafa baxmayaraq, Azərbaycanın İnstitutsional Dayanıqlığı “Zəif” (-) olaraq qiymətləndirilir. Müəyyən islahatların olmasına baxmayaraq, Azərbaycanın eyni reytinqə malik ölkələrlə institutsional dayanıqlıq üzrə müqayisədə hələdə geridə qalır. “Ba” reytinqinə malik ölkələrdə “Qanunvericiliyə əməl olunması” və “Korrupsiyanın Tənzimlənməsi üzrə Dünya ölkələrini İdarəetmə İndiqatoru” üzrə göstəricilər Azərbaycana nisbətdə daha yüksəkdir.

Moody`s Azərbaycanın fiskal dayanıqlığını yüksək olaraq qiymətləndirib. Baxmayaraq ki, Azərbaycanın dövlət maliyyəsi neft qiymətlərinin tərəddüdünə çox həssasdır,  idarə oluna bilən dövlət borcu və əhəmiyyətli həcmdə olan ehtiyatlar, həmçinin 2016-cı il büdcəsində konsolidasiyanın edilməsi fiskal dayanıqlığı dəstəkləyir.

Azərbaycanın Geosiyasi Riskinin “Orta” (+) olmasının səbəbi isə  son dövrlərdə “Dağlıq Qarabağ” münaqişəsi ətrafında gərginliyin yaşanmasıdır.

Digər potensial hadisə riskləri isə zəifdir. Ayrılıqda,  Dövlətin Likvidlik Riski ehtiyatların mövcudluğundan və mümkün borc cəlb etmək imkanlarından qaynaqlanaraq aşağıdır. Sektorun kiçikliyi və dövlətin kifayət qədər ehtiyatlara sahib olmasından qaynaqlanan səbəblərdən Azərbaycanın bank sektorunun riski də “Zəif” (-) olaraq qiymətlərdirilir. Baxmayaraq ki, manatın ucuzlaşması, yüksək faiz dərəcələri və iqtisadi geriləmədən qaynaqlanaraq bank sistemi üçün Moody`s-in proqnozu mənfi olaraq qalır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır