Moody`s Investors Service Azərbaycanın 3 bankının reytinqlərini yüksəldib

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının yerli və xarici valyutalarda depozitlər üzrə uzunmüddətli reytinqlərini yüksəldib. Bu barədə agentliyin məlumatında deyilir.

“Moody`s” «Xalq Bank»ın yerli və xarici valyutalarda depozitlər üzrə uzunmüddətli reytinqini B3 səviyyəsindən B2 səviyyəsinə, “Bank Respublika”nın – Саа1 səviyyəsindən B3 səviyyəsinə, Azərbaycan Beynəlxalq Bankının (ABB) – В3 səviyyəsindən В1 səviyyəsinə yüksəldib. ABB üzrə proqnoz “müsbət”dir, “Bank Respublika” və “Xalq Bank” üzrə proqnoz isə “müsbət”dən “sabit”ə dəyişib.

“Moody`s”, həmçinin “Bank of Baku” ASC-nin yerli və xarici valyutalarda depozitlər üzrə uzunmüddətli və qısamüddətli reytinqini təsdiq edib. Bununla belə, agentlik bankın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “mənfi”dən “sabit”ə dəyişib.

“Bizim qərarımız, ilk növbədə, bankların ayrı-ayrı kredit profillərindəki müsbət dəyişiklikləri əks etdirir ki, buna da Azərbaycanda sabitləşən makroiqtisadi mühit və yerli bankların iş şəraitinin yaxşılaşması kömək edir. 2019-cu ilin əvvəlindən Azərbaycanda ÜDM təxminən 3% artıb və bu, inflyasiyanın aşağı səviyyəsi və sabit mübadilə məzənnəsi ilə yanaşı, borcalanların kredit ödəmə qabiliyyətini gücləndirməlidir”, – deyə agentliyin məlumatında qeyd olunur.

“Moody`s” qeyd edir ki, ABB-nin depozitlərinə dövlət dəstəyinin göstərilməsi ehtimalı yüksək, “Xalq Bank” üçün isə orta səviyyədədir.

“Yerli standartlara əsasən, 2018-ci ilin yekunları üzrə “Bank Respublika”nın xalis mənfəəti 2017-ci ildə qeydə alınmış 10,5 mln. manat məbləğində zərərə qarşı 2,2 mln. manat təşkil edib. “Moody`s” “Bank Respublika”nın 2019-20-ci illərdə ehtiyatların yaradılması üzrə xərclərinin azalacağını gözləyir. Bu isə növbəti 12-18 ay ərzində bankın xalis mənfəətinin artmasına gətirib çıxaracaq”, – deyə məlumatda bildirilir.

“Moody`s”in qiymətləndirmələrinə görə, ”Bank Respublika”nın kredit portfeli növbəti 12-18 ay ərzində artacaq. Bu, bank tərəfindən kreditləşmənin əsas seqmenti olan kiçik və orta müəssisələrin, eləcə də ev təsərrüfatlarının kredit ödəmə qabiliyyətinin yaxşılaşması ilə əlaqədardır.

Agentliyin ekspertləri hesab edirlər ki, “Bank of Baku”nun uzunmüddətli depozit reytinqləri üzrə proqnozun dəyişməsi problemli kreditlərlə bağlı məsələlərin həll edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsindən sonra müəyyən irəliləyiş və sabitləşmə ilə bağlı gözləntiləri əks etdirir.

Reytinq agentliyinin qiymətləndirmələrinə görə, hökumət proqramı tam reallaşdırıldıqdan sonra “Bank of Baku”nun problemli kreditlərinin payı (2017-ci ilin sonuna kreditlərin ümumi həcminin təxminən 45%-i) ¼-dək azala bilər. Bu isə bankın mənfəətlilik göstəriciləri və kapitalının artmasına gətirib çıxaracaq.

“Bunlar gözlənilən müsbət hadisələr olmaqla yanaşı, “Bank of Baku”nun likvidlik mövqeyinin tədricən sərtləşməsi ilə kompensasiya olunur, 2018-ci ildə bankın müştərilərinin depozitləri 25%, likvidlik ehtiyatı isə ümumi aktivlərin 15%-dək azalıb”, – deyə məlumatda vurğulanır.

Interfax-Azerbaijan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır