İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda təlim keçirilib. İxracatçı sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulan təlim çərçivəsində sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyət istiqamətləri, şirkət sahibkarlarının əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında danışılıb.
BBN.az xəbər verir ki, təlimdə çıxış edən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verib. O qeyd edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi son bir il ərzində Azərbaycanın ixrac siyasətində önəmli rol oyanıb. N. Hacızadə əlavə edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi korporativ idarəçilik mədəniyyətinin formalaşdırılması baxımından maarifləndirmə siyasətini daima davam etdirəcəkdir.
Peşəkar biznes təlimçi Fəxri Ağayev isə bildirib ki, idarəçilik özəl sektorun əsas ehtiyac duyduğu məsələlərdən biridir: “Bu gün ixrac potensialının artırılması üçün birbaşa və dolayı təsirlər var. Qeyd etmək istərdim ki, peşəkar idarəetmə həm birbaşa, həm də dolayı yolla ixracımızı stimullaşdıracaq.”
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi mütəmadi ixracatçı sahibkarlar üçün belə təlimlər təşkil edir.