Multikultural ölkələrin idarəçiliyində qadınların uğuru

Dünya idarəçilik tarixində kişilərin uzun zamanlardır dominantlığı mövcuddur. Bəs, idarəçilikdə çoxluğu qadınlar təşkil etsə, vəziyyət necə olar?

“McKinsey” şirkətinin araşdırmalarına əsasən, yuxarı menecmentində qadınlara daha çox yer verən müəssisələrdə maliyyə göstəriciləri digərlərinə nisbətdə 15% daha yüksəkdir.

Harvard Universitetinin “Fraksiyalaşma və İnkişaf” hesabatında göstərilir ki, ölkədaxili irqi/etnik diversifikasiya ölkənin iqtisadi inkişafı ilə tərs mütənasibdir. İrqi və etnik anlaşılmazlıqlar tam müşahidə altında saxlanmadığı təqdirdə, ölkənin iqtisadi inkişafı dayana bilər. Bu cür situasiyalarda isə, qadınların liderlik xüsusiyyətləri daha məqsədəuyğundur.

Bu ideyanın ərsəyə gəlməsi üçün, BMT tərəfindən tanınan 193 ölkənin 188-indən məlumatlar toplanıb,araşdırılıb. Eləcə də, 1950-2004-cü illər arası hakimiyyətdə olan qadın və kişi liderlərin hakimiyyət dövründə qeydə alınan nəticələr nəzərdən keçirilib. Bu günə qədər, ölkələrin idarəçiliyində yer alan 136 qadın liderin illik hakimiyyət dövrləri analiz edilib və 5700 illik periodlarda iqtisadi tərəqqi qeydə alınıb. Sözügedən tərəqqi dövrləri əksərən irqi və etnik müxtəlifliyin geniş yayıldığı ölkələrdə müşahidə edilib.

Hesabatın əsas nəticəsi olaraq, qadınların liderlik xüsusiyyətlərinin multikultural cəmiyyətlə əlaqədə, kişilərin liderlik xüsusiyyətlərindən daha effektiv olduğu göstərilir.

Nümunə olaraq, etnik müxtəlifliyin ən çox yayıldığı ölkələrdən biri olan Liberiyanın prezidenti Ellen Johnson Sirleaf (2006-2010) göstərilib. Belə ki, ölkədaxili bütün etnik konfliktləri həll etməklə yanaşı, Sirleaf 5 illik hakimiyyəti dövründə Liberiyada illik 4%-lik ÜDM artımına nail olub. Qeyd edək ki, Sirleaf-dən öncə hakimiyyətdə olan Charles Taylor dövründə 5 il ərzində yalnız 1%-lik ÜDM artımı müşahidə olunub.

Yekun nəticə olaraq, bu hesabatda göstərilən əlaqə qadınların hər zaman uğurlu olacağına zəmanət vermir, lakin, müxtəlif tərkibli cəmiyyətlərin idarəsi sahəsində qadın liderlərin kişi liderlərdən daha bacarıqlı olduğuna inanmağımıza səbəblər verir.

Susan Perkins, Katherine W. Phillips

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır