Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı KİV nümayəndələri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.
BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə keçirilən müsabiqəyə təqdim ediləcək analitik məqalələrdə, televiziya və radio süjetlərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı təhlil edilməli, o dövrdə aparılmış iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələrin yaradılması, həmçinin AXC-nin varisi olan müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artırılması istiqamətində görülən tədbirlər öz əksini tapmalıdır.
Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV əməkdaşları və müstəqil jurnalistlər tək və ya qrup halında iştirak edə bilərlər.
Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (və ya süjet) təqdim edə bilər.
Müsabiqəyə təqdim olunacaq məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjeti isə 3 dəqiqədən az olmamalı, materiallar Azərbaycan, rus və ingilis dillərinin birində təqdim edilməlidir.
Məqalə, televiziya və radio süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır. Müsabiqəyə təqdim edilmiş məqalələrin Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında qeyd olunan KİV-lərdə yayımlanması yolverilməzdir.
Müsabiqəyə 2018-ci ilin mayın 7-dən iyunun 1-dək olan müddətdə qəzet, jurnal, informasiya agentlikləri və xəbər saytları, eləcə də televiziya və radio kanallarında gedən materiallar buraxılacaq.
Materialın sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır.
Material qəzet və ya jurnalda dərc edilərsə onun 1 nüsxəsi, agentlik və xəbər saytında yerləşdirildikdə A4 formatlı vərəqdə (Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı) materialın linki əlavə edilməklə çap olunmalı, televiziya və radio süjeti isə DVD-də olmaqla KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 1 iyun 2018-ci il tarixinədək İqtisadiyyat Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç.,84 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cü otaq), materialın elektron versiyası isə həmin tarixədək “vusala.guliyeva@economy.gov.az” poçt ünvanına göndərilməlidir.
Müsabiqəyə təqdim olunmuş analitik materiallar aşağıdakı tələblərə cavab verməlidir:
– Materialın nəzərdə tutulan istiqaməti dolğun əhatə etməsi;
– Analitik keyfiyyətlər, faktların və məsələlərin düzgün təhlili;
– Mənbələrə istinad edilərkən müəllif hüquqlarına ciddi şəkildə riayət edilməsi;
– Dil və üslub xüsusiyyətləri, ifadə zənginliyi;
– Oxucu üçün informasiyalılıq səviyyəsi.
Qeyd edək ki, təqdim edilmiş materiallar İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən iyunun 15-dək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.