Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu  rayonlarında vətəndaşlarla görüş keçirib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxıda Şamaxı və Qobustan rayonlarının, nazirin birinci müavini Əli Abdullayev isə Ağsuda Ağsu və İsmayıllı rayonlarının sakinləri ilə görüşüb.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə sözügedən rayonlarda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar qəbul edilib.

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır