11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika – “TransCaspian/Translogistica 2018”, 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat – “Road & Traffic 2018” sərgiləri keçiriləcək.
BBN.az xəbər verir ki, bu gün sözügedən sərgilərlə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgilərin Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biri olduğunu qeyd edib.
O bildirib ki, sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.
O bildirib ki, ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət qurumlarının sərgidə fəal iştirak edəcək.
Mətbuat konfransında məlumat verilib ki, 11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində paralel olaraq 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi də keçiriləcək. “Road & Traffic 2018” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir.
Qeyd edək ki, sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. Sərgilər peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixlərində, tələbələr üçün isə iyunun 13-də açıq olacaq. Ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.