Nərə Balıqartırma Zavodu özəlləşdirildi

Dövlət Əmlak Komitəsinin tender komissiyası “Azerbaijan Fish Factory” MMC-ni Neftçala rayonundakı S.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinin qalibi elan edib.

Zavodun fəaliyyəti bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, kələmo, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır. İnvestisiya Proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı dövlətlər arasında ilk nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı olacağı gözlənilir.

Müəssisənin fəaliyyəti yeyinti sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balığa olan tələbatının ödənilməsinə də şərait yaradacaq. Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.

Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda vəsait təmir-tikinti işləri və inzibati binanın restruktizasiyasına, su təchizat sisteminin yeniləşdirilməsi, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək.

Qalib şirkət dövlət büdcəsinə 750 min manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 3 milyon 79 min manat təşkil edən İnvestisiya Proqramının icrasını, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

Qeyd edilməlidir ki, həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 28 yeni iş yerinin yaradılması, habelə fəaliyyət dairəsindən asılı olaraq işçilərə 300 manatdan az olmayan məbləğdə əmək haqqının verilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır