Mərkəzi Bankda keçirilən mükafatlandırma tədbirində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirdi ki, qlobal trendlər onu göstərir ki, dünyada bankçılıq fəaliyyətində rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox sürətli proseslər gedir. Nağdsız iqtisadiyyatın inkişafı bank-maliyyə sektorunun dayanıqlığı və onun resurs bazasının gücləndirilməsi deməkdir. Bu da öz növbəsində xərcləri azaltmaqla banklar tərəfindən göstərilən xidmətlərin əlçatanlığını artırır, onların investisiya imkanlarını genişləndirir və iqtisadiyyata kredit qoyuluşlarının artımını sürətləndirir.
Məlumdur ki, bu istiqamətdə ölkəmizdə də genişmiqyaslı işlər aparılır. Dövlət Proqramı ölkənin nağdsız iqtisadiyyata transformasiyasının yeni və daha sürətli mərhələsinin başlanğıcını qoydu. Yüksək səviyyədə hazırlanmış olan bu Dövlət Proqramı ölkədə rəqəmsal ödənişlərin institusional mühitinin təkmilləşdirilməsi, bank sisteminin canlandırılması-sağlamlaşdırılması, rəqəmsal ekosistemin formalaşdırılması, eləcə də bu sahədə maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi istiqamətləri üzrə çox geniş əhatəli, çoxsaylı prioritetləri özündə birləşdirir. Dövlət Proqramının həyata keçirilməsində Azərbaycan Banklar Assosiasiyasına da bir sıra tədbirlərin icrasında iştirak tövsiyə edilmişdir ki, bu tədbirlərin reallaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.