İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Şahin Mustafayev iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, hazırda Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir, Bakı Ticarət Limanının II mərhələsinin, azad ticarət zonası tipli Xüsusi İqtisadi Zonanın yaradılması və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlər davam etdirilir. Aktauda Azərbaycanın xarici ölkədə ilk logistik mərkəzi fəaliyyət göstərir və Türkiyə iş adamları bu logistik mərkəzin imkanlarından istifadə edə bilər. Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixrac üçün də imkanlar genişdir.
Görüşdə yeni yaradılmış Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) fəaliyyəti barədə də məlumat verilib, qurumun fəaliyyətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında, iş adamları arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağı vurğulanıb. Səfir İqtisadiyyat nazirini aprelin 29-da TÜİB-in təqdimatına dair tədbirə dəvət edib.
Nazir Şahin Mustafayev isə aprelin 25-də Bakıda “Sahibkarlar Günü”nün qeyd olunacağını bildirərək, TÜİB nümayəndələrinin tədbirdə iştirak edə biləcəklərini diqqətə çatdırıb.