Naxçıvanda azad ticarət zonası yaradılacaq

Türkiyə höküməti Naxçıvanda azad ticarət zonası yaratmağı nəzərdən keçirir. Ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib ki, mütəxəssislərdən ibarət nümayəndə heyəti Naxçıvanda olub, layihənin texniki və iqtisadi tərəfləri barədə müzakirələr aparılıb. Bu layihənin reallaşması üçün hələ bir neçə il əvvəl Azərbaycan-Türkiyə Biznes Şurasının iclasında təşəbbüslər irəli sürülüb.

Layihənin məqsədi türkiyəli iş adamlarının Naxçıvanla iqtisadi bağlantılarını daha da möhkəmləndirmək, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkədə çoxşaxəli nəqaliyyat infrastrukturunun formalaşdırılmasıdır.

Türkiyənin azad ticarət zonaları üzrə baş direktorluğu bu məsələni yenidən gündəmə gətirilib və Azərbaycan İqtisadiyyat Nazirliyi ideyanı dəstəkləyib. N. Zeybəkçi qeyd edib ki, Naxçıvanda azad ticarət zonasının yaradılması üçün lazımi infrastrukturun və logistika xidmətlərinin olması layihənin yaxın vaxtlarda gerçəkləşməsinə zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır