Nazirlikdə növbəti məlumat mübadiləsi təşkil olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinə və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təlim səfərlərinin nəticələrinə dair “Məlumat mübadiləsi saatı” keçirilib.

BBN.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, cari ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 27 530 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub. Həmçinin Nazirlik tərəfindən 473 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Həmçinin son iki ayda 28 419 nəfər gənc əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimlərinə köməklik göstərilməsi üçün peşəyönümü tədbirlərinə cəlb edilib.

S.Müslümov hazırda keçirilən bu tədbirin həm “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə aparılan işlər və gələcək hədəflər, həm də qeyd olunan tvinninq layihəsi üzrə təlim səfərlərinin yekunları, səfərlər zamanı əldə olunan təcrübələr barədə məlumat mübadiləsinə imkan verdiyini qeyd edib.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə görülən işlərə dair təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır