Nazirliyin çağrı mərkəzlərinə daxil olan müraciət sayı açıqlanıb

Fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə 16 423 müraciət daxil olub.
Müraciətlər sosial təminat növlərinə hüququn müəyyən olunması, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, pensiya və müavinət, sosial xidmət, sosial sığorta münasibətləri, fərdi uçot sistemi, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. Vətəndaşlar bu sahələrlə bağlı əsasən sorğularını ifadə ediblər və müraciətlərin 96,7 %-i belə sorğulardan ibarət olub.
“Çağrı mərkəzləri”nə daxil olan hər bir müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti sahə üzrə mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. O cümlədən, sorğu xarakterli müraciətlərdə əksini tapan məsələlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri izah olunub. Müraciətlərin qalan hissəsində isə araşdırılması tələb olunan məsələlər ifadə olunub. Həmin müraciətlər nazirliyin aidiyyəti struktur bölməsində araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.
SMS-məlumatlandırma xidməti də davam etdirilib və ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 70 328 SMS göndərilib.
Ümumilikdə, cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 – “Çağrı mərkəzləri” tərəfindən 31 659 müraciətin cavablandırılması təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır