Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən istifadəyə də xüsusi önəm verilir.
Bu sahədə aparılan işlərin davamı kimi, son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər barədə hazırlanıb 400-dən çox məlumat aidiyyəti foto və video materiallarla birlikdə nazirliyin rəsmi facebook səhifəsində yerləşdirilib. Hazırda bu səhifənin izləyicilərinin sayı 43 mindən çoxdur ki, bu da mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəricilərdən biridir.
Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaşların müvafiq sahələrlə bağlı müraciətlərinin cavablandırılması işi də aparılır. Ötən il həmin səhifə vasitəsilə vətəndaşlar tərəfindən edilmiş 2173 müraciətin cavablandırılması təmin edilib. Müraciətlərin 61,6 %-i sosial təminat növləri, 8,8 %-i məşğulluğun təminatı, 7,5 %-i əlillərin tibbi-sosial ekspertizası və reabilitasiyası, 5 %-i əmək qanunvericiliyi, qalan hissəsi isə nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlərlə bağlı olub. Böyük əksəriyyəti sorğu xarakteri daşıyan həmin müraciətlər nazirliyin aidiyyatı bölmələrinin məsul şəxslərinin iştirakı ilə vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə uyğun şəkildə cavablandırılıb.