Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 14 437,2 milyon manat, büdcə xərcləri isə 8 005,9 milyon manat təşkil edib.
2018-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 441,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 658,1 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 14,2 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 995,6 milyon manata bərabər olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 7 788,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait ayrılmışdır. 5,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 968,7 milyon manat təşkil edib.
2018-ci il oktyabrın 1-ə ARDNF-nin aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 8,88% artaraq 38 987,7 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.